SİYASƏT
Türkiyə mətbuatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına dair materiallara geniş yer ayırıb
Ankara, 1 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyət Türkiyənin bütün kütləvi informasiya vasitələrinin əsas xəbərinə çevrilib. Prezident İlham Əliyevin bütün fəaliyyəti, o cümlədən görüş, çıxış və müsahibələri qardaş ölkə KİV-ləri tərəfindən geniş işıqlandırılır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünə dair xüsusi proqramlar yayımlanıb. Prezident İlham Əliyevin yaralı hərbçilərimiz qarşısında çıxışı və düşmənə ünvanladığı sərt mesajlar, əsgərlərimizin ruh yüksəkliyi, onların sağalıb tezliklə cəbhəyə dönmək istəkləri, Ali Baş Komandan-əsgər münasibətlərini tərənnüm edən səmimi görüntülər Türkiyə telekanallarında geniş yer alıb. Bu kadrların ardınca Azərbaycan xalqının Vətənin bütövlüyü uğrunda böyük ruh yüksəkliyi ilə Ordumuza dəstək verməsinə dair materiallar, milli birlik çağırışlarına aid videoçarxlar yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır. TRT HABER, A HABER, HABER TÜRK, NTV, CNN TÜRK, HABER GLOBAL və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırır. “Sabah”, “Türkiyə”, “Yeni Şəfəq”, “Hüriyyət” və digər aparıcı qəzetlər, həmçinin müxtəlif xəbər portalları məlumatları operativ şəkildə oxuculara təqdim edir. Bir sözlə, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları Türkiyə mediasının əsas xəbərinə çevrilib. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə yayılır. Mətbuat Ermənistanın informasiya təxribatlarına çevik reaksiya göstərərək saxta məlumatları ifşa edir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair müəllif verilişləri və ekspert müzakirələri fasiləsiz olaraq ekranlara çıxır.
Müəllif proqramlarında, köşə yazılarında Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və acı nəticələri, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə peşəkar və qüdrətli Ordumuzun nailiyyətləri təhlil olunur. Ermənistan tərəfinin siyasi, diplomatik və informasiya məkanında tətbiq etdiyi təxribatların məqsədləri barədə fikir mübadilələri aparılır. Təcavüzkar tərəfin terrorçuları münaqişəyə öz tərəfindən iştirakçı kimi cəlb etməsi bu dövlətin acızliyi kimi xarakterizə olunur.
Qardaş ölkə KİV-ləri cəbhə bölgəsində baş verən bütün prosesləri addım-addım izləyərək müzəffər Ordumuzun rəşadətini dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Düşmənin məkrli fəaliyyəti, Azərbaycanın dinc əhalisinin, yaşayış məskənlərinin, fərdi evlərin, mülki obyektlərin hədəf alınması böyük nifrətlə qarşılanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara