TÜRKİYƏ SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ ŞƏMKİRDƏ OLMUŞLAR
Sonra Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Ərkan Özoral çıxış edərək Bilik gününün Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni işğalçılarından azad edilməsinin 88-ci ildönümü ilə bir günə düşdüyünü qeyd etmiş və bildirmişdir ki, bütün dövrlərdə Türkiyə Azərbaycanın yanında olmuş və ona dəstək vermişdir. Qardaşlıq münasibəti sovetlər birliyi dağıldıqdan sonra daha da möhkəmlənmiş, ümummilli lider Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” sözləri atalar məsəlinə çevrilmişdir.
Milli Məclisin deputatı Məlahət Həsənova və digər natiqlər ölkəmizdə məskunlaşmış mesxet türklərinə göstərilən diqqət və qayğıdan danışmış, onların respublikamızın ictimai-siyasi həyatındakı fəallığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə Sarıtəpə kəndində məskunlaşmış mesxet türklərindən, Qarabağ döyüşlərinin iştirakçıları Ənvər Ladıyev, İlham Cəlilov, bu yaxınlarda türk gənci ilə ailə qurmuş azərbaycanlı Ləman Mədətova, məktəbin şagirdi Reyhan Fərəməzova və başqaları çıxış edərək türk səfirliyinin nümayəndələrinə minnətdarlıq etmiş, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyindən danışmışlar. Səfirlik nümayəndələrinin gətirdikləri məktəb ləvazimatı şagirdlərə paylandıqdan sonra sinif otaqlarına və tədrisin gedişinə baxış keçirilmişdir.