SİYASƏT
Türkiyə-Yaponiya dostluğunun 125 illik tədbirlərində Tokiodakı azərbaycanlılar da fəal iştirak ediblər
Tokio, 7 iyun, AZƏRTAC
Tokioda Türkiyə-Yaponiya dostluğunun 125 illik tədbirlərində Azərbaycan səfirliyinin əməkdaşları və diasporumuzun bu ölkədəki üzvləri fəal iştirak ediblər.
İyunun 5-də yubiley tədbirləri çərçivəsində Tokionun möhtəşəm Sumida Triphony Hall konsert zalında Türkiyənin Mehtəran bölüyünün və Yaponiyanın dəniz özünümüdafiə qüvvələrinin orkestrinin birgə konserti keçirilib.
Əvvəlcə Türkiyənin Yaponiyadakı səfiri Əhməd Bülənd Meriç və Yaponiya xarici işlər nazirinin müavini Akitaka Saiki çıxış edərək 125 il əvvəl Kuşimoto şəhəri yaxınlığında “Ərtoğrul” gəmisinin batması və bu faciənin Türkiyə ilə Yaponiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynaması barədə məlumat veriblər. Bildiriblər ki, artıq 125 ildir iki dövlət arasında əlaqələr inkişaf edir və hər iki xalqa fayda gətirir. Yubileylə əlaqədar Türkiyə səfirliyi tərəfindən Yaponiyada çoxsaylı tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Sonra Mehtəran bölüyünün və Yaponiya dəniz qüvvələri orkestrinin ifasında Türkiyənin və Yaponiyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə Mehtəran bölüyünün tarixinə həsr olunmuş film nümayiş olunub.
Konsertdə Mehtəran bölüyünün və Yaponiya dəniz qüvvələri orkestrinin ayrılıqda və birlikdə ifa etdiyi marşlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
İyunun 6-da isə Tokionun məşhur Ometosando küçəsində Mehtəran bölüyünün və Yaponiyadakı Türkiyə, Azərbaycan, Pakistan və digər ölkələrin səfirliklərinin əməkdaşları və diaspor üzvlərinin iştirakı ilə yürüş keçirilib. Yürüş zamanı Mehtəran bölüyü tərəfindən səsləndirilən marşlar Yaponiya paytaxtının sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Yubiley tədbirləri barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibə verən Türkiyənin Yaponiyadakı səfiri Əhməd Bülənd Meriç deyib: “ Bu günlər biz Türkiyə-Yaponiya dostluğunun 125-ci ildönümünü qeyd edirik. Bununla əlaqədar Mehtəran bölüyünü buraya gətirmişik. Türk dünyasının, Azərbaycan-türk dünyasının dostluğunu da bu şəkildə ortaya çıxarırıq. Azərbaycanlılar bu tədbirlərdə çox fəal iştirak etdilər. Hörmətli Azərbaycan səfiri ilə birlikdə biz burda xalqlarımızın birliyini nümayiş etdirdik. Türkiyə və Azərbaycan bayraqlarını birlikdə dalğalandırdıq. Biz bununla bütün dünyaya bir daha göstərdik ki, Türkiyə və Azərbaycan bir-birinin qardaşıdır, iki dövlət bir millətdir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio