Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memorandum imzalanıb
Türk dünyası gənc qələm adamları üçün önəmli işbirliyi
Bakı, 15 dekabr, AZƏRTAC
Türkiyə Yazarlar Birliyi (TYB) ilə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) gənclər arasında mədəni və ədəbi fəaliyyətlərin genişləndirilməsi məqsədilə işbirliyi memorandumu imzalanıb. Memorandumu TYB-nin rəhbəri, professor Musa Kazım Arıcan və DGTYB-nin sədri, şair-publisist İntiqam Yaşar imzalayıblar.
Bu barədə AZƏRTAC-a DGTYB-nin sədri, şair-publisist İntiqam Yaşar məlumat verib.
Bildirilib ki, sənədə əsasən mədəni, elmi və ədəbi araşdırmaların aparılması,ortaq layihələrin həyata keçirilməsi və birgə nəşrlərin hazırlanması, uyğun sahələr üzrə təlimlərin, müzakirələrin, seminarların və digər tədbirlərin təşkili, mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə mübadiləsi, metodik fəaliyyətlərin paylaşılması və qarşılıqlı dəstəyin göstərilməsi və tərəflər arasında ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsinin qarşılıqlı şəkildə dəstəklənməsi nəzərdə tutulur.
Memorandum barədə fikirlərini bölüşən TYB rəhbəri Musa Kazım Arıcan, Türk dünyası gənclərinin bir-birini daha yaxşı anlamasında və işbirliyinin inkişaf etdirməsində mədəniyyət, sənət və ədəbiyyatın önəmli rol oynadığını vurğulayıb.
O, özəlliklə mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə paylaşımının önəminə diqqət çəkərək, bu prosesin səmərəli təlimlərlə dəstəklənməsinin vacibliyini vurğulayıb.
DGTYB rəhbəri İntiqam Yaşar isə öz dəyərləndirməsində Türkiyədə əlli ildən artıqdır ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən köklü bir qurumla işbirliyi qurmağın onlar üçün həm dəyərli, həm də məsuliyyətli bir addım olduğunu bildirib.