Türkiyədə sel və daşqın nəticəsində ölənlərin sayı 5-ə çatıb
Ankara, 22 iyun, AZƏRTAC
İyunun 21-də axşam Türkiyənin Bursa vilayətində sel və daşqın nəticəsində itkin düşən şəxslərdən daha dördünün cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı beşə yüksəlib. Bir nəfərin axtarışı davam edir.
AZƏRTAC xəbər verir ki, Bursa ilə yanaşı, Sakarya, Eskişehir, Edirne, Kocaeli, Balıkesir, Ordu və digər vilayətlərdə də baş verən güclü sel və daşqın ciddi fəsadlar yaradıb. Güclü külək ağacları qırıb, maşınları sel aparıb. Şəhər mərkəzlərində yollar çöküb. Məhəllələr selin gətirdiyi daş, torpaq, lil yığını, ağac kötükləri ilə dolub. Bərpa və təmizlik işlərinə ağır texnikalar cəlb olunub. Əhaliyə külli miqdarda zərər dəyib.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin dəstələri xilasetmə və bərpa işlərini gecə davam etdirib. Daxili İşlər naziri Süleyman Soylu Bursadakı təbii fəlakət bölgəsində olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara