Türkiyədə təhsil almış tələbələrlə görüş keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Türkiyənin Bakıdakı səfirliyində bu ölkədəki universitetlərdən məzun olmuş azərbaycanlı tələbələrlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə universitetlərinin məzunları və səfirliyin əməkdaşları iştirak etmişlər.
Tədbiri açan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirmişdir. Qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayan diplomat ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamlarını xatırlatmışdır.
Səfir Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, xüsusilə də təhsil sahəsində əməkdaşlığa önəm verdiyini diqqətə çatdırmışdır. Ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən İsmayıl Alper Coşqun Türkiyənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin hər cür qayğı ilə əhatə olunduğunu vurğulamışdır.