Türkiyədə təxminən 2,5 milyon nəfər “Quran” kurslarında iştirak edib
Ankara, 16 avqust, AZƏRTAC
Türkiyənin Dəyanət İşləri Başqanlığı “Quran”ın öyrənilməsinə dair növbəti yay kurslarının başa çatdığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu il iyulun 1-də başlayan kurslarda ümumilikdə 2,5 milyona yaxın ölkə vətəndaşı iştirak edib, müəllimlərin sayı isə 107 min nəfərə çatıb.
Türkiyə Dəyanət İşləri Başqanlığı Təhsil şöbəsinin nümayəndəsi Sedide Akbulut bildirib ki, ölkədə məscid olan hər bir məntəqədə uşaq və yeniyetmələrə “Quran” oxumağı öyrətmək üçün şərait yaradılıb. O əlavə edib: “Əgər 2023-cü ildə 2,4 milyon Türkiyə vətəndaşı “Quran” öyrənmək üçün yay kurslarına qatılıbsa, bu il tələbələrin sayında artım var. Kurs proqramı yeddi həftə üçün nəzərdə tutulub və gündəlik dörd saatlıq dərsləri əhatə edib”.
Kurslar çərçivəsində müxtəlif müsabiqələr təşkil olunub, ən yüksək nəticə göstərən tələbələrə velosiped və planşetlər hədiyyə edilib.
“Müsabiqə surə və hədislərin oxunması, həmçinin basketbol və üzgüçülük kimi idman növləri üzrə ən yaxşı müdavimləri üzə çıxarıb”, -deyə Akbulut bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara