TÜRKMƏNİSTAN PREZİDENTİ YENİ NAZİRLİK YARADILMASINI TƏKLİF EDİR
Bu günlərdə dövlət başçısı Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin işindən narazı olduğunu bildirmişdir. O demişdir: “Siz ölkəmizə gələn əcnəbiləri və xaricdəki vətəndaşlarımızı dörd gözlə izləməlisiniz. Biz qəbul edilmiş qanunların yerinə yetirilməsi üçün əlavə nazirlik yaratmalıyıq”.
Prezidentə yaxın mənbənin məlumatına görə, yeni qurum bilavasitə Niyazova tabe olacaq və Türmənistandakı əcnəbiləri izləyən bütün digər orqanların fəaliyyətinə nəzarət edəcəkdir. O, əcnəbiləri nəzarətdə saxlayacaq, onların ölkədə getməli olduqları mümkün yerlərin marşrutlarını müəyyənləşdirəcək, qonaqların bu marşrutlardan kənara çıxıb-çıxmayacağını yoxlayacaqdır.
Ölkəni tərk etmiş, lakin xaricə səfərin müddətini ötürmüş və ya başqa pozuntulara yol vermiş Türkmənistan vətəndaşları isə respublikaya qayıtmalıdırlar. Mənbənin sözlərinə görə, Türkmənistan öz xüsusi orqanları nümayəndələrinin xaricdə işinə əngəl törədilməməsi üçün bir sıra ölkələrlə danışıqlar aparır. Niyazov bildirmişdir ki, bu, BMT-nin terrorizmə və narkoalverə qarşı mübarizəni gücləndirmək çağırışına cavab olaraq edilir. O demişdir ki, bundan sonra Türkmənistanın xaricdəki konsulluqları ölkəyə gəlmək haqqında viza verilməsi məsələsini yeni nazirliklə razılaşdıracaqlar.