DÜNYA
Üç ölkə Şimali Koreyanın raket fəaliyyətinə dair operativ məlumat mübadiləsini genişləndirəcək
![Üç ölkə Şimali Koreyanın raket fəaliyyətinə dair operativ məlumat mübadiləsini genişləndirəcək](/files/2023/1/1200x630/16815527433543027401_1200x630.jpg)
Pekin, 15 aprel, AZƏRTAC
Yaponiya, Cənubi Koreya və ABŞ Şimali Koreyanın nüvə-raket fəaliyyətinə dair operativ məlumat mübadiləsinin genişləndirilməsinə dair razılaşıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə razılıq Şimali Koreyanın aprelin 13-də reallaşdırdığı bərk yanacaqla çalışan qitələrarası ballistik raketin sınağından bir gün sonra Vaşinqtonda ABŞ, Yaponiya və Cənubi Koreyanın müdafiə siyasətinə cavabdeh olan yüksəkrütbəli hərbçilərinin görüşündə əldə olunub. Bu, tərəflərin son üç ildə üçtərəfli formatda ilk görüşüdür. Tərəflər Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı ayıq-sayıq olacaqlarını və üçtərəfli təhlükəsizlik əməkdaşlığını dərinləşdirəcəklərini təsdiqləyiblər.
Qeyd edək ki, ABŞ-ın Şimali Koreyanın nüvə-raket fəaliyyətini aşkarlamaq üçün Cənubi Koreya və Yaponiya ilə ikitərəfli formatda məlumat mübadiləsi sistemi olsa da, Tokio və Seul arasında bu cür mexanizm olmayıb. Tərəflər Vaşinqton görüşündə Şimali Koreyanın qarşısını almaq və ona cavab vermək üçün raketdən müdafiə və sualtı fəaliyyət əleyhinə üçtərəfli təlimlərin təşkilini, habelə Hind-Sakit okean regionunda sülhün və sabitliyin təminatı üçün birgə hərbi təlimlərin daha səmərəli formada bərpasını da müzakirə ediblər.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yolun ötən ay Tokioda Yaponiya Baş naziri Fumio Kişida ilə görüşündə tərəflər arasında müxtəlif səbəblərə görə yaranmış soyuq münasibətlərin normallaşması barədə razılıq əldə olunub. Həmin səfərdən sonra tərəflər kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etsələr də, bu pakt məlumatların operativ ötürülməsini nəzərdə tutmur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin