Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Qəbələ rayonunda olmuşdur
Qəbələ, 3 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Qəbələ rayonunda olmuşdur.
AZƏRTAC xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılanan qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar Qəbələdə aparılan geniş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Qəbələ rayonu irimiqyaslı yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı, turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür.
Qonaqlar “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə tanış olmuşlar. Burada Forum iştirakçılarına məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Səfər çərçivəsində qonaqlar rayon Tarix-Diyarşünaslıq Muzeyində də olmuşlar. Diqqətə çatdırılmışdır ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.
Sonra Forum iştirakçıları Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin xarabalıqları ilə tanış edilmişlər. Qonaqlar indiki Çuxur Qəbələ kəndi ərazisində arxeoloji ekspedisiya tərəfindən aşkar edilmiş qədim Qəbələ şəhərinin müdafiə istehkamları, şəhərin su təchizatı, məişət və təsərrüfat tikililəri, müxtəlif maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar.
Daha sonra qonaqlar “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri, Nohur gölü və “Yengicə” istisu sanatoriyası ilə tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Forum iştirakçılarında zəngin təəssürat yaratmışdır.
Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə mühüm işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verdiyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərdən məmnunluqlarını ifadə etmişlər.