Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.
Bu barədə AZƏRTAC-a “Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib. Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.
Mentorluq proqramının bölgüsü ilə müsabiqənin saytından tanış ola bilərsiniz.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.