Uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş olduğunu ortaya qoyur
Bakı, 19 dekabr, AZƏRTAC
Son zamanlar baş verən hadisələr onu deməyə əsas verir ki, Avropanın enerji siyasətində ən mühüm məsələ etibarlı tərəfdaşın olmasıdır. Hazırda Avropanın etibar etdiyi və enerji böhranında Azərbaycana verdiyi dəyər həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələrin reallaşdırılması və bu layihələrin şaxələndirilməsində perspektivə hesablanmış addımlar idi. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması bunu bir daha təsdiq edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Bu sənədin yaşıl enerji sahəsində təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm saziş olduğunu vurğulayan deputat qeyd edib ki, saziş yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlığın daha da inkişaf etməsi və genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol artıq bütün dünyaya bəllidir. Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş olduğunu ortaya qoyur.
Azərbaycanda yaşıl enerjinin inkişafı və dördtərəfli Sazişin əhəmiyyətindən danışan deputat deyib: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Artıq bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini yaşıl enerji zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər”.
T.Cəfərova bildirib ki, hesablamalara görə dünya iqtisadiyyatının yaşıl enerji yönündə transformasiyası daha da sürətlənəcək və 2050-ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpaolunan enerji hesabına alınacaq. Azərbaycanın bu prosesdən kənarda qalması mümkün deyil. Yaşıl enerjiyə keçid ölkəmizdə iqtisadi inkişafa və iqtisadi sabitliyə impuls verə bilər. Çünki bu keçid tam yeni texnologiyaların inkişafını nəzərdə tutmaqla əlaqəli sahələrin formalaşması deməkdir.
“Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxluğu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri qonşu ölkələrlə sıx təmaslar ölkəmiz üçün unikal imkanlar yaradır. Bu da Azərbaycana nəinki xam neft, təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısına çevirməyə imkan verəcək”, - deyə deputat vurğulayıb.