DÜNYA
Ukrayna ABŞ-dan 1,35 milyard dollar həcmində qrant alıb
Bakı, 13 noyabr, AZƏRTAC
Ukrayna ABŞ-dan 1,35 milyard dollar həcmində qrant alıb. Kiyev, həmçinin “maliyyə resurslarını səfərbər etmək” üçün Qərb tərəfdaşları ilə çalışmaları davam etdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə sosial media şəbəkəsində yazıb.
“ABŞ Ukraynaya 1,35 milyard dollar həcmində qrant təqdim edib. Biz bu vəsaiti humanitar və sosial proqramlara yönəldirik”, - deyə Denis Şmıqal bildirib. Onun sözlərinə görə, Vaşinqton bu qrantı Kiyevə Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə verib. Beləliklə, 2022-ci ilin fevralından bəri Qərbin Ukraynaya maliyyə yardımının həcmi ümumilikdə 100 milyard dolları ötüb.
“Hökumətimiz cari və gələn il lazımi maliyyə resurslarını səfərbər etmək üçün müttəfiqlərlə işləri davam etdirir”, - deyə Baş nazir əlavə edib.
“Politico” nəşrinin məlumatına görə, səlahiyyət müddəti başa çatmaq üzrə olan Cozef Bayden administrasiyası Konqresin Kiyev üçün ayırdığı 6 milyard dolları Donald Trampın andiçmə mərasiminədək Ukraynaya yönəltməyi planlaşdırır.
Ali Rada Ağ evin yardımı sürətləndirmək cəhdlərini həyəcan siqnalı kimi qiymətləndirib, belə ki, Trampın andiçmə mərasimindən sonra vəziyyət kəskin şəkildə dəyişə bilər.
Kiyev dəfələrlə etiraf edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə xərclərini ödəyə bilir və digər sahələr müttəfiqlərinin köməyilə maliyyələşir. Hökumət 2025-ci il üçün büdcə layihəsini 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsirlə Radaya göndərib. Qərb tərəfdaşları isə Kiyevə özünü maliyyələşdirmək imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı tövsiyə edir.