Ukraynanın Çerniqov vilayətinə hava hücumu edilib, azı 5 nəfər həlak olub
Kiyev, 5 iyun, AZƏRTAC
Rusiya gecə saatlarında kamikadze dronlarla Çerniqov vilayətində Priluki şəhərinə hava hücumu edib, azı 5 nəfər həlak olub.
Bu barədə AZƏRTAC Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çausun teleqram kanalına istinadla məlumat yayıb.
Hücum nəticəsində iki qadın və bir yaşlı uşaq olmaqla azı beş nəfər həlak olub. Daha 6 sakin yaralanaraq xəstəxanalara çatdırılıb.
İlkin məlumata görə, Rusiya ordusu ən azı “Geran” tipli altı hücum dronundan istifadə edib.
Partlayışlar yaşayış məntəqələrində baş verib. Yanğın zamanı iki yaşayış binası, iki qaraj, bir yardımçı tikili və bir avtomobil yanıb.
Yerli hakimiyyət orqanları zərbələrin infrastruktur obyektlərinə deyil, daha çox mülki binalara yönəldiyini bildirir.
Hadisə yerində xilasedicilər, polis və həkimlər işləyir. Dağıntılar təmizlənir, dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.