Ukraynanın xəbər portalları: Fransada azərbaycanlı jurnalistlər silahla hədələnib
Kiyev, 29 iyun, AZƏRTAC
Ukraynanın xəbər portalları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalmasına dair AZƏRTAC-ın məlumatına istinadla məqalələr dərc ediblər.
AZƏRTAC xəbər verir ki, “NewFormat”, “Ukr.net” xəbər portallarında dərc edilən məqalələrdə azərbaycanlı jurnalistlərə qarşı zorakılıq pislənilib.
Məqalələrdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması ilə bağlı bəyanatı yer alıb. Qeyd olunur ki, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - deyə məqalələrdə vurğulanır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev