“Ukrinform”un saytında IV Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş material yerləşdirilib
Kiyev, 20 noyabr, Zeynal Ağazadə, AZƏRTAC
Ukrayna Milli İnformasiya Agentliyi (“Ukrinform”) bu gün, noyabrın 20-də öz saytında “Bakı Humanitar forumu: mədəniyyətlərarası dialoqun davamı” sərlövhəli material yerləşdirib.
Materialın müəllifi Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının prezidenti, forumda nümayəndə kimi iştirak etmiş Yuri Kovbasyuk bu planetar miqyaslı müşavirənin işindən aldığı təəssüratları bölüşür.
Müəllif yazır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ənənəyə görə forumu açaraq bu gün ölkədə yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Y.Kovbasyuk daha sonra qeyd edir ki, Azərbaycan dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasını region üçün ən böyük təhlükə adlandırıb. Prezident İlham Əliyev sosial ədalət və təhlükəsizlik məsələləri üzərində ətraflı dayanaraq bildirib ki, Azərbaycanda bütün xalqlar sülh və səmimiyyət şəraitində yaşayırlar.
Materialda həmçinin, forumda müzakirə edilmiş, təhsilin, elmin və innovasiyaların inkişafı, mənəvi və intellektual irsin qorunub saxlanması və artırılması ilə bağlı çox mühüm məsələlərdən də bəhs edilir.
Ukraynalı alimin fikrincə, sevindirici haldır ki, bu geniş əhatəli beynəlxalq tədbirin nüfuzu ilbəil artır.
Y.Kovbasyuk forumdan aldığı təəssüratları bölüşərək vurğulayır ki, həmin tədbir çərçivəsində qonaqlar üçün Azərbaycanın paytaxtı, habelə ölkənin regionları ilə tanışlıq proqramları təşkil edilmişdi. Akademiyanın prezidenti yazır: “Milli Akademiyanın məzunu, hüquq elmləri doktoru, professor Arif Quliyev və Forumun daha 32 iştirakçısı ilə birlikdə Azərbaycanın subtropik bölgəsində - Lənkəran şəhərində və Lerik rayonunda olduq, burada Azərbaycan xalqının qonaqpərvərliyini bir daha yəqin etdik”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev