ULTRASƏS DAXİLİ QANAXMANI DÖYÜŞ MEYDANINDACA KƏSƏCƏK
İstifadədə asan və yüngül cihazı qısa təlim kursu keçən əsgərlər də işlədə bilər. Yeni cihaz həm diaqnostikaya, həm də müalicəyə xidmət edəcək, zədələnmiş damarı onun köməyi ilə tapıb qanaxmanı dayandırmaq mümkün olacaqdır. Qanaxmanın dəqiq mənbəyi Doppler ultrasəsi ilə müəyyənləşdiriləcəkdir. Bu metodikanın əsasında Doppler effekti - hərəkətdə olan obyektdən, o cümlədən damarlardakı qandan əks olunan səs tezliyinin dəyişməsi durur. Yəni damarda zədənin dəqiq yerini müəyyənləşdirməyə imkan verən səciyyəvi dəyişikliklər yaranır.
Növbəti mərhələdə cihazdan qanaxmanı dayandırmaq üçün istifadə ediləcəkdir. Bu effekt zədə yerində toplanan ultrasəs dalğalarının istilik və mexaniki fəaliyyəti hesabına əldə olunacaqdır. Bu dalğalar zədə yerini “yandıraraq” qan damarında tromb, yəni laxta formalaşdıracaqdır. Bundan əlavə, ultrasəsin təsiri altında yüksək reaktiv molekullar - sərbəst radikallar yaranır ki, bu da trombyaratma prosesini daha da tezləşdirir.
Yeni cihazın hazırlanması üçün korporasiyalara 4 il vaxt verilmiş, 51 milyon dollar vəsait ayrılmışdır.