Ulu öndər Heydər Əliyev Azərbaycanı böyük xalqların, dövlətlərin cərgəsinə çıxaran müdrik dövlət xadimidir
Tərtər, 8 may (AZƏRTAC). Tərtər şəhərindəki Gənclər Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Ramiz Şabanov məruzə ilə çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, böyük siyasi xadim Heydər Əliyev dünyanın görkəmli şəxsiyyətləri içərisində xüsusi yeri olan, Azərbaycanı böyük xalqların, dövlətlərin cərgəsinə çıxaran müdrik dövlət xadimidir. O, ölkə həyatının bütün sahələrində quruculuğun, islahatların banisidir.
Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərindən ətraflı söhbət açan natiq bildirmişdir ki, bu dövrdə ölkənin hər yerində olduğu kimi Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Tərtər ildə 35-40 min ton pambıq verən, sənayesi dirçələn bir rayona çevrilmişdir. Rayonda elektromexanika, pambıqtəmizləmə, süd, konserv, yol-tikinti materialları istehsal edən zavodlar, Sərsəng su anbarı inşa edilmişdir.
Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında böyük xidmətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibətilə keçirilən idman yarışlarında uğur qazanmış idmançılara fəxri fərman və diplomlar, YAP sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.