Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Təbrizdə də qeyd olunub
Təbriz, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Təbrizdə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov ümummilli lider Heydər Əliyevin Naxçıvandan başlanan şərəfli ömür yolundan və Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi fədakar fəaliyyətindən danışıb. Qeyd olunub ki, istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edib.
SSRİ dövründə geri qalmış respublikalardan biri olan Azərbaycanın Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1982-ci illərdə qabaqcıl respublikalardan birinə çevrilməsi danılmaz həqiqətdir. Həmin illərdə sənaye potensialı yaradılmış, müxtəlif infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərməyə davam edir.
Vurğulanıb ki, 1993-cü ildə yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, o cümlədən möhkəm iradəsi sayəsində ölkə fəlakətdən qurtarılmış, respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Qeyd olunub ki, Ulu Öndər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, respublikanın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoymuşdur.
Baş konsul Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilməsi nəticəsində qazanılan möhtəşəm uğurların ölkəmizin qüdrətini daha da artırdığını vurğulayıb.
Diplomat ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan xalqının yaddaşında milli lider və böyük dövlət xadimi kimi qalacağını qeyd edib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz