Ulu Öndərin azərbaycançılıq məfkurəsi beynəlxalq elmi müstəvidə araşdırılır VİDEO
Bakı, 8 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi Azərbaycan dövlətinin quruluşu və müasir inkişaf dinamikası baxımından mühüm əhəmiyyət daşıyır. “Yeni dövrün Azərbaycanı” XVII beynəlxalq elmi konfransı da Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin araşdırılmasına həsr olunub və bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsini hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev BSU-da keçirilən “Yeni dövrün Azərbaycanı” XVII beynəlxalq elmi konfransda deyib. O bildirib ki, konfrans artıq ilboyu davam edən və beynəlxalq miqyas qazanan elmi platformaya çevrilib: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində konfransın ilk beynəlxalq bölməsi Türkiyənin Mərmərə Universiteti ilə birgə İstanbulda təşkil olunub. Konfrans yalnız akademik müzakirələrlə məhdudlaşmır. İl ərzində “Yeni dövrün Azərbaycanı” mövzusunda müxtəlif auditoriyalar üçün seminar və görüşlər keçirilib. Son ilyarım ərzində Astara, Quba, Naxçıvan, Şəmkir və digər bölgələri əhatə edən layihələr çərçivəsində təxminən 3 min orta məktəb şagirdi ilə maarifləndirici seminarlar təşkil olunub”.
Rektorun sözlərinə görə, Polşa, Bolqarıstan, Albaniya, Türkiyə və digər ölkələrdə əcnəbi professor və tələbələrin iştirakı ilə “Azərbaycan etibarlı tərəfdaşdır” mövzusunda seminar və təqdimatlar keçirilib: “Bu tədbirlərin əsas məqsədi azərbaycançılıq ideologiyasının təbliği və “Yeni dövrün Azərbaycanı” konsepsiyasının beynəlxalq elmi müstəvidə təşviqidir. Builki konfransın əsas istiqaməti “Bütöv Azərbaycan” konsepsiyasıdır. Bu çərçivədə alim və tədqiqatçılar müxtəlif sahələr üzrə fənlərarası yanaşmalar əsasında güclü Azərbaycan modelini araşdırırlar. Konfransda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycanın gələcək geosiyasi mövqeyi və Ermənistan-Azərbaycan sülh prosesinin beynəlxalq gündəmdə yeri kimi məsələlər müzakirə olunur”.