Ulu Öndərin əziz xatirəsi daşkəsənlilərin qəlbində əbədi yaşayacaq
Daşkəsən, 12 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Daşkəsən rayonunda anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kollektivlər, şəhid valideynləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər Ulu Öndərin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçirilib.
Anım tədbirində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Vətəninə, xalqına olan sədaqətindən, ölkəmizin inkişafı üçün apardığı uğurlu siyasətdən söz açıblar. Bildirilib ki, müstəqil Azərbaycan dövləti misilsiz xidmətləri ilə tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı hər zaman qoşa səslənəcək. Xüsusi vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daşkəsənlilərin qəlbində əbədi yaşayacaq.
Sonda “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş etdirilib.