REGİONLAR
Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan böyük yüksəliş dövrünü yaşayır
Tərtər, 13 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazılıb. Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan hazırda böyük yüksəliş dövrünü yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında bildirib ki, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları onun vəfatından sonra da yaşadı, uğurla davam etdirildi. Dahi Öndərin Fəxri xiyabanda ucaldılmış abidəsi əbədi ziyarətgaha çevrildi. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi yüksək keyfiyyətlərə malik, Vətəninə və millətinə əvəzsiz xidmətləri ilə əbədilik qazanmış Ümummilli Lideri var.
Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, atəşkəsə nail olundu, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycanı dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə çevirib.
Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqı üçün çalışıb, verdiyi bütün vədlərə əməl edib, xalqının etimadını doğruldub. Dövlətimizin başçısı Azərbaycanı demək olar yenidən qurub, tamamilə müasir dövlət yaradıb, ölkəmizi inkişaf etdirib, şəhərlərimizin, kəndlərimizin simasını dəyişib. Eyni zamanda, Azərbaycan bölgədə söz və güc sahibinə çevrilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşanı azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorunu və işğalını torpaqlarımızdan tamamilə silib atmaqla, hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldıb.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, şəhid atası Bəhruz İsgəndərov, YAP veteranı Zakir Bağırov və başqaları çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən və son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı inkişafdan, əldə olunan uğurlardan bəhs ediblər.