ULU ÖNDƏRİN XİDMƏTLƏRİ VƏ XATİRƏSİ UNUDULMAZDIR
Bu günlərdə Kiyevdə olan Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova ümummilli liderin abidəsini ziyarət etmişdir. Kiyevdəki səfirliyimizdə söhbət zamanı Elmira xanım həyatının bir çox mühüm məqamlarının bu dahi insanla bağlı olduğunu bildirmiş, onunla çoxsaylı görüşlərindən danışmışdır.
Sonralar bu xatirələr onun neçə-neçə kitablarında əksini tapmışdır. Mötəbər Rusiya qəzetlərinin və “Azadlıq” radiostansiyasının xüsusi müxbiri olan Elmira xanım 1990-cı illərin əvvəllərində həmin dövrün başabəla dövlət başçılarının “qara dəftərinə” düşməkdən çəkinməyərək Heydər Əliyevdən Naxçıvanda aldığı müsahibələri dərc edir, efirə verirdi. Jurnalist Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə yaranmış mürəkkəb vəziyyət barədə həqiqətləri xalqa və dünya ictimaiyyətinə çatdırırdı.
E.Axundova kitablarında, məqalələrində ümummilli liderimizin müstəqil Azərbaycanın dirçəldilməsi istiqamətində çoxşaxəli fəaliyyətini, xarici ölkələrə rəsmi səfərlərini, zəmanəmizin görkəmli siyasi və dövlət xadimləri ilə görüşlərini ətraflı işıqlandırmışdır.
Heydər Əliyevin strateji kursunun onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan E.Axundova ölkədə yaranmış ictimai-siyasi sabitlikdən və xarici siyasətdə qazanılmış nailiyyətlərdən danışmışdır. Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü kimi o, toplaşanlara parlament üzvlərimizin milli mənafeyimizin qorunmasında, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında fəal mövqeyi barədə məlumat vermişdir.
Elmira xanım həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidentidir. O, Xuraman Quliyeva ilə birgə hazırladığı və Arazın o tayında yaşayan soydaşlarımızın son iki əsr ərzində yaratdığı parlaq poeziya nümunələrinin rusdilli oxucu auditoriyasına təqdim edilməsi istiqamətində ilk təşəbbüs olan “Cənubi Azərbaycan poeziyası antologiyası”nı, habelə “Bu, bizik”, “Şüşə saray”, “Poliqrafçının ölümü” kitablarını səfirliyimizə, Ukrayna Parlament kitabxanasına və Kiyevdəki Səməd Vurğun adına kitabxanaya hədiyyə etmişdir.