ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATI AVROPA REGİONU GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ KONFRANSININ İŞTİRAKÇILARINA
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gələcəyə yönəlmiş uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq, bu gün müstəqillik yollarında inamlı və qətiyyətli addımlar atan ölkəmiz öz iqtisadiyyatını uğurla inkişaf etdirir. 2005-ci ilin yekunları buna əyani sübutdur.
Azərbaycanın gömrük orqanları ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində dayanmaqla üzərinə düşən vəzifələrin yerinə yetirilməsində, müxtəlif ölkələrlə əlaqələrin genişləndirilməsində yaxından iştirak edir. Avropa regionu gömrük xidməti rəhbərləri konfransının Azərbaycanda keçirilməsi həmin əlaqələrin inkişaf səviyyəsinin yüksəlməsinin bariz nümunəsidir. Eyni zamanda, bu tədbir Azərbaycan gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı çərçivəsində həyata keçirdiyi səmərəli əməkdaşlığın nəticəsidir. Əminəm ki, Avropa regionu ölkələri gömrük xidməti rəhbərlərinin respublikamızda bir araya gəlməsi ölkəmizin xarici iqtisadi əlaqələrinin daha da güclənməsinə, hərtərəfli fəaliyyət strategiyasının qurulmasına öz töhfəsini verəcəkdir.
Qloballaşan dünyada yeni texnologiyaların sürətli inkişafı gömrük işinin təşkilinə böyük təsir göstərməkdədir. Məhz bu baxımdan konfransınız dünyada təhlükəsiz ticarətin təmin olunması, qarşılıqlı əməkdaşlığın qurulması, fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də gömrük işinin təkmilləşdirilməsi üçün yeni imkanların öyrənilməsinə xidmət edir.
Hörmətli konfrans iştirakçıları!
Sizi səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2006-cı il.