Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də ADA Universitetində "Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - Elm fəaliyyətdədir" adlı konfrans keçirilib. Tədbir 7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr edilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilib və “Elm fəaliyyətdədir” ideyasını ehtiva edib.
Tədbirdə insan, heyvan, bitki və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəsini əks etdirən "Vahid sağlamlıq" yanaşması çərçivəsində beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər iştirak edib.
Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdirib”.
ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Boloniya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə heyvan elmləri üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiyanı, tətbiqi təhsili və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet–sənaye tərəfdaşlıqlarının gücləndirilməsinə sadiqliyini vurğulayıb.
Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib.
Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.
Konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Qeyd edək ki, hər il qeyd olunan 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü qida mənşəli risklərin qarşısının alınması, aşkarlanması və idarə olunması ilə bağlı maarifləndirməni təşviq etmək və tədbirlər görmək üçün beynəlxalq platforma rolunu oynayır.
Bu ilin mövzusu qida təhlükəsizliyi sistemlərinin gücləndirilməsində elmə əsaslanan siyasətin, təhsilin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq, həmçinin laborator tədqiqatlardan innovativ texnologiyalara qədər elmi inkişafın dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına necə töhfə verdiyini önə çıxarmaqdır.