SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi Moldovada qeyd olunub




Kişineu, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Qüdsi Osmanov müstəqil dövlətimizin qurucusu və memarı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, onun həyata keçirdiyi islahatlar barədə məlumat verib. O qeyd edib ki, 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyev getdikcə dərinləşən böhranın qarşısının alınmasına, ölkəmizin ağrılı problemlərinin aradan qaldırılmasına, Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsinə nail olub. Diplomat Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasətdən, bu siyasətin nəticəsində ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafdan bəhs edib.
Moldovanın İqtisadiyyat və infrastruktur naziri Kiril Qaburiç Azərbaycanda olarkən insanların Heydər Əliyev şəxsiyyətinə xüsusi ehtiramla yanaşdığının şahidi olduğunu deyib. "Heydər Əliyev Azərbaycan üçün əvəzsiz işlər görüb və Azərbaycan xalqı onun xidmətlərini unutmur, daim yad edir. İnsanlar onunla bağlı xatirələrini böyük qürurla bölüşürlər", - deyə nazir bildirib. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində tarixi rolunu xüsusi qeyd edib.
Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov ulu öndər Heydər Əliyevin diaspor quruculuğunda əvəzsiz xidmətlərindən danışıb. O deyib ki, hər bir xalqın taleyində nadir istedadlar olur və Azərbaycan xalqının taleyində də bu şəxs ümummilli lider Heydər Əliyevdir.
Moldovalı alim, tarix elmləri doktoru Ruslan Şefçenko çıxış edərək Heydər Əliyevin xidmətləri, müstəqil Azərbaycanın nailiyyətlərinin əldə olunmasında rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı gedən qanlı döyüşlərin Heydər Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində dayandırılması, Azərbaycan iqtisadiyyatının inkişafı, bir dövlət kimi dünya arenasında mühüm yer tutması barədə danışıb.
Sonra Moldovada təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə səfirlikdə “Heydər Əliyev - Azərbaycan dövlətinin banisi” adlı dəyirmi masa təşkil olunub. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Gənclər xarici qonaqlara Heydər Əliyevin Azərbaycan xalqının tarixində rolu və xidmətləri barədə məlumat veriblər. Eyni zamanda, səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu