ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ ETİRAZ EDİR
Bəyanatda deyilir ki, son vaxtlar Moskvada və Rusiyanın digər şəhərlərində tez-tez baş verən ksenofobiya, millətçilik, milli əlamətə görə ayrı-seçkilik faktları ictimai birliklərin və təşkilatların ciddi narahatlığına səbəb olur. Bu problem ÜAK-ın daim diqqət mərkəzindədir. Bu yaxınlarda o, Moskvanın digər milli icmaları nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirmişdir. Görüşdə belə xoşagəlməz halla bağlı məsələlər hərtərəfli müzakirə edilmişdir. Dəyirmi masanın materialları “Azərbaydjanski konqress” qəzetində dərc olunmuş və böyük əks-səda doğurmuşdur.
ÜAK-ın yeni aksiyası bədnam “Qanunsuz miqrasiya əleyhinə hərəkat”ın (QMƏH) liderlərinin təxribat xarakterli bəyanatları ilə bağlıdır. QMƏH Moskvanın Aeroport rayonunda təşkil olunmuş mitinqdə qırxıqbaşlardan və evsiz-eşiksizlərdən ibarət kütləni “Baku” kino-konsert kompleksi ərazisində ümummilli liderimiz Heydər Əliyevin abidəsinin ucaldılması əleyhinə çıxışlara təhrik etmişdi. Bu yığnaqda antiazərbaycan xarakterli çoxsaylı təhqirlər səslənmişdir. Rusiya qanunlarına görə, belə hərəkətlər və fikirlər etnoslararası ədavətin qızışdırılması kimi qiymətləndirilir və müvafiq cinayət məsuliyyəti nəzərdə tutulur.
Statistika rəqəmləri, RF Konstitusiyasına istinadlar və digər konkret faktlarla təsdiqlənmiş bütün bu informasiya ÜAK-ın Rəyasət heyətinin və onun Moskva regional bölməsinin Rusiya paytaxtının meri Yuri Lujkova, prokuroruna və RF Ədliyyə Nazirliyinə ünvanlanmış rəsmi məktublarda əksini tapmışdır.
Müraciətdə xüsusi vurğulanır ki, əslən azərbaycanlı olan Rusiya vətəndaşları bu ölkənin Konstitusiyasında təsbit edilmiş bütün hüquqlardan istifadə edirlər və haqlı olaraq, öz hüquqlarının müvafiq dövlət qurumları tərəfindən müdafiəsinə ümid bəsləyirlər. Konqres ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar barəsində Rusiyanın ictimai birliklər haqqında mövcud qanunvericiliyinə müvafiq surətdə tədbirlər görülməsini tələb edir.