ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ MÖHKƏMLƏNİR VƏ GENİŞLƏNİR
ÜAK-ın prezidenti Məmməd Əliyevin sədrliyi ilə keçən iclasda “Hesabat dövründə Ümumrusiya Azərbaycan Konqresinin işi və Rusiyadakı Azərbaycan diasporunun daha sıx birləşdirilməsi sahəsində vəzifələr haqqında” hesabat dinlənilmişdir.
ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov məruzə edərək bildirdi ki, iclas Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin iki ölkənin prezidentləri səviyyəsində inkişafının növbəti mərhələsində və eyni zamanda, ÜAK-ın hər iki dövlətin icra hakimiyyəti orqanları ilə əlaqələrinin gücləndiyi bir vaxtda keçir. O dedi ki, Konqresin bütün fəaliyyəti üç başlıca istiqamətdə qurulmuşdur: azərbaycanlıların dilinin, mədəniyyətinin, milli özünəməxsusluğunun qorunub saxlanılmasına yönəldilən tədbirləri nəzərdə tutan milli-mədəni iş, infrastruktur yaradılmasına yönəldilən təşkilati quruculuq, Rusiyanın və Azərbaycanın dövlət hakimiyyəti orqanları və ictimai təşkilatları ilə iş. Konqresin əsas məqsəd və məramı - Rusiya Federasiyasının müxtəlif subyektlərində yaşayan həmvətənləri sıx birləşdirmək, diasporun bundan əvvəl yaradılan ictimai təşkilatlarını birləşdirmək, Rusiyada azərbaycanlıların müsbət imicini formalaşdırmaq, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına təkan vermək işin bütün bu istiqamətlərində mühüm yer tutur. N.Ağamirov vurğuladı ki, Konqres Rusiyanın iri və tanınmış ictimai təşkilatlarından biridir və öz nüfuzunu getdikcə artıran, Azərbaycan diasporunun problemlərini bütün səviyyələrdə həll etməyə, onların mənafelərini qorumağa qadir olan təşkilata çevrilmişdir.
Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev çıxışında Konqresin hesabat dövründə gördüyü işləri müsbət qiymətləndirdi. O, Azərbaycan diasporunun üzvlərini ümummilli vəzifələrin həllində daha fəal olmağa çağıraraq bildirdi ki, konkret işlərlə diasporu möhkəmlətmək lazımdır.
Konqresin üzvləri və ÜAK-ın regional şöbələrinin nümayəndələri çıxışlarında Ümumrusiya Azərbaycan Konqresinin banisi ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətlərini və həmvətənlərin problemlərinə, ehtiyaclarına xüsusi qayğısını minnətdarlıqla qeyd etdilər. Çıxışlarda həmçinin qeyd olundu ki, indi bu ənənəni Azərbaycan Prezidenti İlham Əliyev layiqincə davam etdirir. O, Rusiyaya rəsmi səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə ÜAK-ın fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Konqres qısa müddətdə çox güclü, qüdrətli struktura – tez bir zamanda nüfuz qazanmış struktura çevrilmişdir. Siz bizim köməyimizə həmişə bel bağlaya bilərsiniz. Prezident kimi mən buna zəmanət verirəm”.
İclasda təşkilat məsələləri də həll olundu. Rəyasət heyəti və Mərkəzi Şura üzvlərinin sayı artırıldı, ÜAK-ın tərkibinə yeni regional şöbələr daxil edildi: Sankt-Peterburq şəhəri, Buryatiya Respublikası, Çuvaşiya Respublikası, Taymır Muxtar Mahalı, Maqadan, Murmansk, Pskov, Tambov və Çelyabinsk vilayətləri.
ÜAK-ın ikinci qurultayının çağırılması haqqında qərar qəbul edildi. Qurultayı oktyabrda Moskvada keçirmək nəzərdə tutulur.