UNEC-də onlayn “Karyera günləri” davam edir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən onlayn “Karyera günləri” tələbə və məzunlar tərəfindən böyük maraqla izlənilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə hər gün ekspertlər, iş adamları, müxtəlif şirkətlərin insan resursları üzrə rəsmiləri iştirak edirlər. Sosial şəbəkələrdə 10 gündür davam edən canlı yayımın 2000-ə yaxın izləyicisi var ki, bu da gənclərin layihəni böyük maraqla qarşıladıqlarının göstəricisidir.
Onlayn “Karyera günləri”nin əsas məqsədi gənclərə müvafiq sahədə məsləhətlər verilməsi və tələbələrin özünüinkişafıdır. Qonaqlarla müzakirələr də məhz bu istiqamətlərdə qurulur.
Tədbirin birinci günündə canlı yayımda insan resurslarının idarə olunması üzrə sistem quruculuğu işi aparan Elçin Zeynalov dəyişikliyin idarə olunmasında ADKAR modeli barədə məlumatları paylaşıb. Sonrakı günlərdə “Veysəloğlu” şirkətlər qrupunun nümayəndələri şəxsi inkişaf və iş həyatına hazırlıq, vakansiyalar, işə müraciət qaydaları, uğurlu karyera seçimi barədə çıxış ediblər. “Azərsun Holdinq”in, “166 Yükdaşıma və logistika” şirkətin nümayəndələri karyerada ilk addımlar, müvafiq sahədə imkanlarının dəyərləndirilməsi metodlarından danışıblar.
On gün ərində “Ernst & Young”, “SAT Group”, KPMG Azərbaycan, “Brandup”, “Majlis Business Network” şirkətlərinin, “Bank of Baku”, “Kapital Bank” ASC-lərin nümayəndələri karyera istiqamətində bilgilərini paylaşıblar.
Həmçinin natiqlik, ünsiyyət texnikaları, liderlik bacarıqları, karyera planlaşdırılmasında yol xəritəsi, yeni yanaşmalar haqqında çıxışlar edilib.
Canlı yayımların videoyazılarını “YouTube” və “Facebook”da izləmək mümkündür.