UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq reytinqdə növbəti dəfə uğura imza atıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS (Quacquarelli Symonds) tərəfindən açıqlanan “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026”nın (“World University Rankings: Sustainability 2026) nəticələrinə əsasən, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Azərbaycanda isə 1-ci universitetdir.
Reytinqə dünyanın 108 ölkəsindən 2001 universitet daxil olub. Qiymətləndirmə ali təhsil müəssisələrinin ətraf mühitə təsiri, sosial məsuliyyəti və idarəetmə fəaliyyətləri əsasında aparılıb. UNEC 3 istiqamətin hər biri üzrə 1-ci yerə yüksələrək, dayanıqlılıq sahəsində ölkənin ən yüksək göstəriciyə malik ali təhsil müəssisəsi olub.
“Ətraf mühitə təsir” (“Environmental Impact”) indikatoru üzrə UNEC dünyada ən yaxşı 563-cü, Asiyada 175-ci, Azərbaycanda isə birincidir. “Ətraf mühitin davamlılığı” (Environmental Sustainability) indikatorunda UNEC 309-cu pillədə yer alaraq regionun bir çox aparıcı universitetlərini geridə qoyub.
“Ətraf mühit təhsili” (Environmental Education) indikatorunda UNEC dünyanın 586-cı, “İşəgötürülmə və inkişaf imkanları” (Employability and Opportunities) üzrə dünyanın 714-cü, “Yaxşı idarəetmə” (Governance) üzrə isə UNEC dünyanın ən yaxşı 615-ci, Asiyanın 198-ci, Qərbi Asiyanın 29-cu, Azərbaycanın isə lider universitetidir.
UNEC bu il THE və QS beynəlxalq reytinqlərində davamlı olaraq bir neçə uğura imza atıb. “Times Higher Education” (THE) Dünya Universitetləri Reytinqinə ilk dəfə daxil olan UNEC bu nüfuzlu reytinqdə Azərbaycanda 1-ci, Cənubi Qafqazda 1-ci, dünyada isə 801-1000-ci yerə yüksəlib. UNEC THE reytinqində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir. Eyni zamanda, həmin reytinqdə ilk minliyə daxil olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 20 universitetindən biridir.
Bundan əlavə, QS Dünya Universitetlər Reytinqində (QS World University Rankings 2026) UNEC dünyanın ən yaxşı 801-850-ci universiteti olub.
QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026-da UNEC Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.
Həmçinin UNEC ilk dəfə olaraq, “QS MBA Rankings 2026” reytinqində dünya üzrə ən yaxşı 201-250-ci, Avropa üzrə 70-ci, Azərbaycanda isə 1-ci yerə yüksəlib.
Reytinqin nəticələri ilə linkdən tanış olmaq mümkündür.