Uruqvayda Azərbaycanın milli bayramı qeyd edilib, birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə qəbul və “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı, eyni zamanda Uruqvaydakı səfiri Məmməd Əhmədzadə ölkəmizin inkişaf strategiyası, son illərdə əldə etdiyi uğurlar, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Bakıda təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb. “Bakı-2015” birinci Avropa Oyunları haqqında da məlumat verən diplomat bu Oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş işlərdən, eləcə də Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi digər beynəlxalq idman yarışlarından bəhs edib.
Sonra birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib. Qonaqlara “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təbliğat materialları təqdim olunub.
Tədbirdə Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre, xarici işlər nazirinin müavini Xose Luis Kansela, hakim “Geniş Cəbhə” Partiyasının sədri senator Monika Xavier, Uruqvay Milli Gömrük İdarəsinin baş direktoru Enrike Kanon, parlamentin Senat və Nümayəndələr Palatasının üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir Uruqvayın və dünyanın ispandilli media orqanları, o cümlədən “Teledoce” televiziya kanalı, “Uypress”, “Efe”, “Agencia ABC”, “Diario Las Americas”, “Hola Ciudad” və digər xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.