UŞAQ-GƏNCLƏR YARADICILIQ SARAYINDA ƏNƏNƏVİ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLMİŞDİR
“Açıq qapı” günü saraya yeni gələn uşaqların, onların valideynlərinin dərnək, klub və studiyalarla tanışlığı üçündür.
Mərasimdə məlumat verilmişdir ki, sarayın yetirmələri hər il dünyanın müxtəlif ölkələrində, o cümlədən Yaponiya, ABŞ, Fransa, Türkiyə, İran, Polşa və Almaniyada keçirilən tədbirlərdə Azərbaycan uşaqlarını ləyaqətlə təmsil edir, vətənə qızıl, gümüş medallarla, diplom və prizlərlə qayıdırlar. Onların adları və əsərləri dünyanın ən nüfuzlu kataloqlarına salınmışdır. Xatırladılmışdır ki, ölkəmizin tanınmış elm, incəsənət xadimlərinin, Azərbaycan bayrağını dünyanın möhtəşəm saraylarında dalğalandıran idmançılarımızın çoxunun uşaqlığı məhz bura ilə bağlı olmuşdur. Hər il beş mindən çox uşaq sarayda fəaliyyət göstərən rəssamlıq, heykəltəraşlıq, aviamodel, kompyuter, xalq çalğı alətləri, rəqs dərnəklərində məşğul olur. İndi də uşaqların saraya marağı böyükdür. Burada uşaqların fiziki inkişafı, estetik zövqünün formalaşdırılması, onlarda milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, bir sözlə, layiqli vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmışdır.
“Açıq qapı” günündə keçirilmiş şahmat yarışı, asfalt üzərində rəsm müsabiqəsi, ayrı-ayrı dərnəklərin üzvlərinin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır.
Tədbir bayram proqramı ilə davam etdirilmişdir.