Uşaq reabilitasiya müəssisəsində maarifləndirici görüş keçirilib, ödənişsiz hüquqi yardım kampaniyaları təşkil edilib
Bakı, 16 iyun, AZƏRTAC
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, “Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması” mövzusuna həsr olunmuş tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva mövzu üzrə təqdimatla çıxış edərək, təsisatın bu sahədə çoxşaxəli fəaliyyəti, mövcud beynəlxalq sənədlər və milli qanunvericilik aktları barədə iştirakçıları məlumatlandırıb.
Görüşdə, həmçinin mərkəzin fəaliyyəti, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiyası sahəsi üzrə müzakirələr aparılıb, Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ombudsmanın Regional mərkəzlərində ödənişsiz hüquqi yardım kampaniyaları da təşkil olunub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi və Milli İnsan Hüquqları Günü münasibətilə ödənişsiz hüquqi yardım kampaniyası elan edilib.
Kampaniya çərçivəsində Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb Regional mərkəzlərində şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilib.