Uşaqların xilası naminə jurnalistlər qan vermişlər
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) təşkilatçılığı ilə mayın 7-də B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda könüllü qanvermə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Parlament Jurnalistlər Birliyinin üzvləri, AZƏRTAC-ın və AQAC-ın əməkdaşları qan vermişlər.
İnstitutun direktoru Azad Hacıyev bildirmişdir ki, hər yerdə olduğu kimi, Azərbaycanda da irsi qan xəstəlikləri geniş yayılmışdır. Odur ki, Səhiyyə Nazirliyi bu istiqamətdə mühüm tədbirlər görür. İl boyu həm səyyar, həm də stasionar olaraq qanvermə aksiyaları keçirilir. Çünki talassemiyalı uşaqlarda lazımi miqdarda hemoqlobin hasil olunmur və onlara bütün ömürləri boyu qan köçürtmək lazımdır. Talassemiyalı, onkoloji, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin, cərrahiyyə əməliyyatı, doğuş zamanı, yol qəzası kimi hallarda donor qanına həmişə ehtiyac vardır.
AQAC-ın sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova aksiyanın Şuşanın işğalı günü ilə əlaqədar keçirildiyini bildirmişdir. Demişdir ki, xəstə uşaqları xilas etmək üçün ancaq böyük ürəyə sahib olan xeyirxah insanlar donor ola bilirlər. Bununla onlar başqalarına həyat və sevinc bəxş edirlər. Donorluğu böyük savab sayan M.Qaraxanova bütün insanları qan verib xəstələri xilas etməyə çağırmışdır.
Toplanan qan laboratoriyada yoxlanıldıqdan sonra talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsinə sərf olunacaqdır.
######
