ÜST-nin Azərbaycandakı nümayəndəliyi ilə ATU arasında memorandum imzalanıb
Bakı, 27 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sözügedən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, tələbə və həkimlərin təlimlərə cəlb edilməsi, ümumilikdə ölkədə səhiyyə sisteminin potensialının artırılması istiqamətində bir sıra layihələrin icrasını əhatə edir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinə istinadla bildirir ki, memorandumun imzalanma mərasimində ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk olaraq ÜST-ni təşkilatın yaranmasının 75 illik yubileyi münasibətilə təbrik edib. Rektor ÜST ilə əməkdaşlığa ölkə səviyyəsində böyük əhəmiyyət verildiyini və ATU ilə ÜST arasında bu günə qədər mövcud olan əməkdaşlığın daha çox şaxələndirilməsini dəstəklədiyini vurğulayıb.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı təşkilatın ölkədə həyata keçirdiyi layihələrdən və ATU ilə davam edən uğurlu əməkdaşlıqdan söz açıb.
H.Harmancı memorandumun tərəflər arasındakı səmərəli fəaliyyətə töhfə verəcəyinə inamını ifadə edib.
Sonda hər iki qurumun rəhbərləri tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.