ÜST: Pandemiya dövründə tibb işçiləri arasında zərərçəkənlərin sayı hədsiz çoxdur
Bakı, 4 aprel, AZƏRTAC
Pandemiya dövrünə qədər də gərgin işləyən tibbi heyətin təxminən yarısı COVID-19 virusunun yayılması ilə bağlı əlavə yüklənmə nəticəsində daha çox əziyyət çəkib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kadr məsələləri üzrə beşinci forumunun iştirakçıları bununla bağlı təcili tədbirlər görməyin zəruriliyini etiraf ediblər.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Cenevrədə keçirilən dördgünlük forumun işində hökumət nümayəndələri, səhiyyənin təşkili sahəsi üzrə mütəxəssislər, dünyanın iri tibb müəssisələrinin kadr işçilərindən ibarət 2 minə yaxın nümayəndə iştirak edir.
ÜST xatırladır ki, əhalinin sağlamlığı ixtisaslı tibb personalından xeyli asılıdır. Dünyanın əksər ölkələrində vəziyyət acınacaqlıdır, tibb işçiləri çatışmır, onlar çox vaxt zəruri təlim keçmir və tam uyğun məvacib almırlar. Pandemiya bu problemi daha da kəskinləşdirib.
ÜST başçısı Tedros Qebreyesus bütün ölkələri tibb işçilərinin təliminə və işlə təmin edilməsinə qoyulan investisiyaları artırmağa çağırıb. “Bu tədbirlər təkcə səhiyyə sisteminin deyil, bütün sektorların təmsilçilərindən siyasi iradə tələb edir”, - deyə Qebreyesus əlavə edib.
5 il bundan əvvəl beynəlxalq birlik səhiyyə sahəsində kadr məsələləri üzrə Qlobal strategiyanı qəbul edib. Cenevrə forumunda həmin strategiyanın tətbiqinin nəticələrini və gələcəkdə dəyişikliklər imkanını müzakirə edəcəklər.
Beləliklə, ÜST-də hesab edirlər ki, bütün ölkələr səhiyyə işçilərinin hazırlanma sayını 8-15 faiz artırmalıdırlar. Məsələn, əgər hazırda ölkədə praktiki fəaliyyətlə məşğul olan 5 min həkim varsa, o halda lazımi axını təmin etməkdən ötrü ildə 400-600 həkim kadrı hazırlanmalıdır.