“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsinin icrasına başlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olub.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində ilk tədbir Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdə yerləşən büstü qarşısına tər gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olunub. Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin sədri Xətai Ələsgərli çıxış edərək bildirib ki, tarixi Azərbaycan torpaqlarından - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımız bu gün də doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. “Bu istiqamətdə həm beynəlxalq hüquq müstəvisində, həm də ictimai səviyyədə məqsədyönlü və sistemli fəaliyyət davam edir. Layihə də bu geniş və vacib prosesə mədəni və mənəvi dəstək verməyi hədəfləyir. Layihənin əsas məqsədi Azərbaycan xalq ədəbiyyatının zirvələrindən olan ustad aşıq Ələsgər irsini və Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın vətənə qayıdış ideyasını bir araya gətirərək sazla-sözlə xalqımızın milli ruhunu gücləndirmək, eləcə də Qərbi azərbaycanlılar arasında bu müqəddəs ideyanın təbliğinə töhfə verməkdir”,- deyə o əlavə edib.
ADAU-nun rektoru Zəfər Qurbanov diqqətə çatdırıb ki, Qərbi azərbaycanlılar tarix boyu qanunsuz deportasiyalara məruz qalıb, onların hüquqları bərpa olunmalı və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Rektor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ həsrətinə son qoyulduğu kimi, Qərbi azərbaycanlıların da sülh yolu ilə və təhlükəsiz şəkildə yurdlarına qayıdışına yaxın gələcəkdə nail olunacağına böyük inam var.
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor Ziyad Abbasov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev, şair Ramiz Qusarçaylı da layihənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, layihə çərçivəsində Qərbi azərbaycanlıların sıx məskunlaşdığı dörd bölgədə və Bakı şəhərində aşıqlardan ibarət konsert proqramları təşkil olunacaq.
Tədbir bədii hissə ilə davam edib.