USTAD ŞƏHRİYARIN 100 İLLİK YUBİLEYİ BERLİNDƏ QEYD OLUNMUŞDUR
Gecəni giriş sözü ilə açan Azərbaycan poeziyasının vurğunu, ədəbiyyat tədqiqatçısı türk xanım Dilək XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan ustad Şəhriyarın zəngin bədii yaradıcılığından, şərəfli, təzadlı və ibrətamiz ömür yolundan danışmışdır.
Sonra söz şerə və musiqiyə verilmişdir. Məhəmməd Pəlahənginin Azərbaycan musiqisinin həzin sədaları altında oxuduğu “Heydər baba...” ilə başlayan bədii hissədə Şəhriyar şerləri bədii söz ustası Mark Qoldberqin ifasında alman dilində sənətkarlıqla səsləndirildi.
Dahi şairin 100 illik yubileyinə layiqli töhfə olan bu ədəbi-bədii tədbirin musiqi tərtibatını Bakıdakı 2 nömrəli musiqi məktəbinin məzunu, hazırda Berlin gimnaziyasının 11-ci sinif şagirdi Əfşan Pəlahəngi və Marsel Peterson vermişlər.
Berlinin “Azad Televiziya İstehsalçıları Birliyi” gecədə çəkilişlər aparmışdır.