ÜZEYİR HACIBƏYOV KÜÇƏSİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERMİŞDİR
İlkin məlumata görə, yanğın həmin küçədə yerləşən tikiş sexindən başlayaraq, Mərkəzi Zabitlər evinə keçmişdir. Yanğın nəticəsində Ü.Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən binaların mənzillərinə ziyan dəymiş, mağazalar yanmışdır. Hadisə yerinə polis, mülkü müdafiə hissələri və digər yardımçı qüvvələr gətirilmişdir.
Hadisə yerində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirmişdir ki, əsas məqsəd yanğının qonşu binalara keçməsinin qarşısını almaqdır. Dəyən ziyanın miqdarı və yanğının başvermə səbəbləri barədə araşdırmalardan sonra açıqlama veriləcəkdir.
Yanğın təxminən 17.30 radələrində söndürülmüşdür.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və digər rəsmi şəxslər hadisə yerinə baş çəkmişlər.