“VAHİD” POEZİYA EVİNDƏ “XOCALI HARAYI”
Poeziya evinin direktoru Hacı Şahin Verdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mərasimdə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi, əməkdar incəsənət xadimi Həsənağa Qurbanov, Prezidentin İcra Aparatının məsul işçisi Qafar Əliyev, Xocalı sakini Samirə Əliyeva və digər natiqlər çıxış edərək, on iki il əvvəl günahsız dinc əhaliyə tutulmuş amansız divandan, ağlasığmaz qəddarlıqdan danışmışlar.
Onlar vurğulamışlar ki, xaricdəki qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur.
Sonra Milli Akademik Dram Teatrının aktyorları – xalq artisti Laləzar Mustafayevanın, əməkdar artist İlham Əsgərovun iştirakı ilə rejissor, əməkdar artist Vaqif Əsədovun, əməkdar jurnalist Mailə Muradxanlının ssenarisi əsasında hazırladığı “Xocalı harayı” adlı tamaşa göstərilmiş, muğam üçlüyü – müğənni Nuriyyə Hüseynova, tarzən Vamiq Məmmədəliyev, kamançaçalan Mirnazim Əsədullayev və gənc xanəndə Sahib İbrahimov çıxış etmişlər.