Vaqif Əliyev: Azərbaycan son illər önəmli beynəlxalq kitab sərgilərində uğurla təmsil olunur
Turin, 16 may, AZƏRTAC
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi, poliqrafiya və nəşriyyat işində də böyük nailiyyətlər əldə edilib.
Ölkəmiz son illər önəmli beynəlxalq kitab sərgilərində uğurla təmsil olunur. Əsas məqsədimiz Azərbaycanda müxtəlif istiqamətlərdə müşahidə olunan inkişaf prosesini məhz bu cür əhəmiyyətli tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətə göstərməkdir.
Bu sözləri İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edən nümayəndə heyətimizin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
O bildirib ki, Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi bu tədbir xalqımızın zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini, ədəbiyyatını, müasir inkişafını və ümumiyyətlə, ölkəmiz haqqında həqiqətləri geniş kütlələrə çatdırmaq imkanı yaradır. Bu sərgi yeni əlaqələrin qurulması baxımından da önəmlidir. Azərbaycanın bir sıra nəşriyyat evlərinin bu cür tədbirlərdə iştirak etməsi, fəallıq göstərməsi olduqca vacibdir. Belə sərgilərdə dünyanın nüfuzlu nəşriyyat şirkətlərinin, beynəlxalq qurumlarının nümayəndələri ilə görüşmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq qurmaq imkanı yaranır. Artıq Azərbaycanda nəşriyyat işi özünəməxsus inkişafı ilə seçilir. Sərgidə ölkəmizlə bağlı italyan dilinə tərcümə edilmiş çoxlu sayda kitab nümayiş olunur. Azərbaycana maraq göstərən italiyalı oxucular bu nəşrlər vasitəsilə ölkəmizi daha yaxından tanımaq imkanı əldə edirlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin