VAQİF MUSTAFAYEV: GƏLƏN İL ÜMUMMİLLİ LİDERİMİZƏ HƏSR OLUNMUŞ DAHA ÜÇ FİLM ÇƏKƏCƏYƏM
Vaqif Mustafayev demişdir ki, bütün mədəniyyət işçilərimizi, o cümlədən kino sahəsində çalışan həmkarlarımı əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edib, xalq artisti adına layiq görüldüyüm üçün məni təbrik etmiş adamlara minnətdarlığımı bildirirəm. Hər iki bayramı yüksək yaradıcılıq əhval-ruhiyyəsi, geniş planlarla qarşılayıram. İşim çoxdur. Yeri gəlmişkən, bu sözləri mən ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində belə inamla deyə bilməzdim. Çünki o zaman nə işim vardı, nə də planlarım. Bu inamı mənə bəxş etmiş dahi insana - dünyanın bütün guşələrində yaşayan soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında birləşdirən, qürurla “Mən azərbaycanlıyam!” deyən ümummilli liderimiz Heydər Əliyevə minnətdaram.
Ölkəmizin rəhbərliyi mədəniyyətin, o cümlədən kinonun inkişafına qayğısını əsirgəmir. Digər həmkarlarım kimi, mən də bu qayğıdan bəhrələnib, öz töhfəmi verirəm. Mədəniyyətimizin inkişafında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xidmətləri də danılmazdır. Hər iki fondun fəaliyyəti, bir vətəndaş kimi, məni çox sevindirir. Mədəniyyətsevərlərimiz adından sahəyə göstərdiyi qayğı və diqqətə görə həmin qurumların prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı və xoş arzularımızı bildirirəm.
Yola saldığımız il mənim üçün uğurlu olmuşdur. Belə ki, bu il ulu öndərimizə həsr olunmuş doqquzuncu filmi - “Vətənpərvər” filmini bitirmişəm. Möhtərəm Prezidentimiz İlham Əliyev mənə xalq artisti adı vermişdir. Hazırda yenicə başa çatdırdığım filmin montajı ilə məşğulam.
Xatırladım ki, dekabrın 28-də dünya kinosunun 110 illiyi qeyd olunacaqdır. Fədakar kino işçilərimizi bu münasibətlə də təbrik edirəm.
Planlarım genişdir. Hamısı haqqında danışmaq istəməzdim. Bircə onu deyə bilərəm ki, gələn il ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş daha üç film çəkəcəyəm.