VAŞİNQTON TƏHLİLÇİSİ NATO-NUN CƏNUBİ QAFQAZA DİQQƏTSİZLİYİNDƏN NARAZIDIR
Vladimir Sokorun sözlərinə görə, Alyansın baş katibi Yaap de Hoop Sxeffer “XXI əsrdə yeni Atlantisizm” adlı nitqində Ukrayna, Gürcüstan və Azərbaycanın adını çəkməmişdir, toplantının rəsmi məlumatında isə Cənubi Qafqaz bölgəsinə səthi toxunulmuşdur. Sənədə salınan qısa “Gürcüstan, Azərbaycan və Özbəkistanın NATO ilə fərdi tərəfdaşlıq fəaliyyəti planını inkişaf etdirmək qərarı alqışlanır” sitatı Cənubi Qafqaz ölkələrini ruhdan sala bilər. Vladimir Sokor əmindir ki, Gürcüstan və Azərbaycanı bu məsələdə passiv olan Özbəkistanla müqayisə etmək düzgün deyildir. NATO-nun belə münasibətini Vaşinqton təhlilçisi Rusiya amili ilə bağlayır. Alyansın “Rusiya ilk prioritetdir” siyasəti NATO-nun strategi əhəmiyyət daşıyan Qara Dəniz və Cənubi Qafqaz bölgələrinə daha diqqətlə yanaşmağa və burada müvafiq addımlar atmasına mane olur.
Zirvə toplantısının nəticələrinə toxunan Vladimir Sokor qeyd etmişdir ki, Şimali Atlantika Alyansı Əfqanıstanda qüvvələrini artırmaqla burada böyük dəyişikliyə nail ola bilməyəcəkdir. Lakin onun Cənubi Qafqazda fəal iştirakı daha çox nəticələr gətirə bilər. Çünki bölgədəki dövlətlər Qərbyönlü mövqeyi və NATO meylli siyasəti ilə seçilirlər.