VAŞİNQTONDA İRAQ BÖHRANININ QAFQAZ BÖLGƏSİNƏ TƏSİRİ MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
İraqda davam edən müharibənin dünyanın digər bölgələrinə təsiri ABŞ-da daim müzakirə mövzusudur. AZƏRTAC-ın ABŞ-dakı müxbiri xəbər verir ki, Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aprelin 1-də keçirdiyi seminar da İraq böhranının Qafqaz bölgəsinə təsiri mövzusuna həsr olunmuşdu. Mərkəzin Rusiya və Avrasiya proqramının təşkil etdiyi seminarda ikinci Körfəz müharibəsinin ayrılıqda Gürcustana, Ermənistana və Azərbaycana təsiri araşdırılmışdır.
Dövlət Departamentinin rəsmisi Filip Remler bu qənaətdədir ki, Gürcüstanın antiiraq koalisiyasına verdiyi dəstək Rusiyanı qıcıqlandırır. Gələcəkdə Rusiya-Gürcüstan əlaqələrinin necə inkişaf edəcəyi məlum olmasa da, Remler Yaxın Şərqdə baş verənlərin bu əlaqələri hazırda bir qədər də gərginləşdirdiyini hesab edir.
«Ermənistanın İraq barədə siyasəti Rusiya ilə əlaqələrinin ifadəsidir» - belə etirafı müharibənin Ermənistana təsiri haqqında danışan “Azadlıq” radiosunun jurnalisti Riçard Giraqosyan etdi. Onun sözlərinə görə, Ermənistanın bu məsələdə mövqeyini bir neçə amil müəyyənləşdirir: İraqda erməni diasporunun mövcudluğu, əsas müttəfiqi olan Rusiyanın siyasi xəttini gözləməsi və hərbi qüdrəti möhkəmlənən Türkiyədən gələn potensial təhlükə. Gürcüstan tam ABŞ meylli, Ermənistan isə Rusiya meylli olduğu halda, bölgədə yalnız Azərbaycan Moskva və Vaşinqtonla münasibətlərini sabitləşdirmişdir. Bununla yanaşı, Giraqosyan Ermənistanın İraq barədə siyasətindən narahatlığını bildirdi, yəni rəsmi Yerevanın Rusiya və ABŞ arasında gözləmək istədiyi tarazlıq pozula bilər.
ABŞ-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə isə vurğuladı ki, Vaşinqtona Qafqaz dövlətlərindən məhz Azərbaycanın dəstəyi vacib idi. Bunun təsdiqi kimi o, İraqa dair qətnamənin hələ BMT-də son müzakirələri keçirilərkən Prezident Heydər Əliyevin ABŞ-a səfərə dəvət alan yeganə Qafqaz lideri olduğunu xatırlatdı. Riçard Giraqosyanın «Ermənistandan fərqli olaraq, Gürcüstan və Azərbaycanda ictimayyət hökumətin mövqeyini dəstəkləmir» fikrinə cavabında Ceyhun Mollazadə bildirdi ki, bu yaxınlarda Milli Məclisin müxalifətdən olan deputatları da Azərbaycanın koalisiyada iştirakını bəyənmişlər. Bu məsələdə Azərbaycanda nə iqtidar, nə müxalifət, nə də ictimayyət arasında fikir ayrılığı yoxdur.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton