İDMAN
Vatikan Radiosu birinci Avropa Oyunları haqqında reportaj yayımlayıb
Bakı, 27 iyun, AZƏRTAC
Vatikan Radiosu birinci Avropa Oyunları haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, radio əvvəlcə Avropa Oyunları və Azərbaycan haqqında ümumi məlumat verib. Aparıcı qeyd edib ki, “Bakı-2015”in idmanla yanaşı, siyasi əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan bu Oyunlar vasitəsilə iqtisadi qüdrətini və siyasi nüfuzunu dünyaya sübut etdi.
Verilişin qonağı, Fransa Geosiyasət İnstitutunun əməkdaşı Jan Silvestr Monqreniye deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən Avropaya inteqrasiya etməyə, bu qitə ilə münasibətlər qurmağa çalışır. Rəsmi Bakı Avropanın bir çox layihəsində yaxından iştirak edir. Birinci Avropa Oyunları da Azərbaycanın Avropaya inteqrasiyasının bir hissəsidir.
Tədqiqatçı qeyd edib ki, Azərbaycan Avropanın enerji təchizatında əvəzsiz rola malikdir. Ölkənin ən başlıca problemi isə Ermənistanla olan münaqişədir. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə bu münaqişəyə görə Ermənistanla sərhədlərini bağlayıb.