“Vəkil loqo dizaynı” mövzusunda birinci vəkil müsabiqəsinə başlanılıb
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, “Vəkil loqo dizaynı” mövzusunda birinci vəkil müsabiqəsinın keçirilməsi nəzərdə tutub.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin formalaşmasında, cəmiyyət tərəfindən vəkillik institutunun təbliği üçün xüsusi əhəmiyyətə malik olan qrafik görüntülü simvolların aşkar edilməsi və qiymətləndirilməsidir.
Yarışmada vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin iştirakı nəzərdə tutulur.
Simvollar vəkil bürosu və fərdi qaydada fəaliyyət göstərən vəkilin elektron poçt ünvanı vasitəsilə “.jpg” fayl formatında [email protected] ünvanına göndərilir.
Göndərilən simvollar rəngli (yalnız qara rəngdən hazırlanmış simvollar istisna olmaqla) formada olmalıdır.
Yarışmaya simvol göndərmə müddəti bu ilin iyulun 31-də saat 23:00-da bitir. Yarışmada ilk 3 yeri qazanan simvol sahiblərinə hədiyyə və diplomlar təqdim ediləcək.
Birinci yerin qalibinə 300 manat məbləğində hədiyyə kartı, ikinci yerin qalibinə 200 manat məbləğində hədiyyə kartı, üçüncü yerin qalibinə isə 100 manat məbləğində hədiyyə kartı təqdim olunacaq.
Simvollar vəkil bürosuna və fərdi qaydada fəaliyyət göstərən vəkilə məxsus olmalıdır. Bu barədə göndərilən təsvirlə yanaşı, təsvirin vəkil bürosuna və fərdi qaydada fəaliyyət göstərən vəkilə məxsus olmasını təsdiq edən məlumat qeyd olunmalıdır.
İştirakçıların göndərdikləri simvolda olan görüntülərlə bağlı məlumat vermək hüquqları mövcuddur.
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.
Əlaqə: telefon: (+994)55 680 70 67 (Paşa Səfərov), ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007