Vəkillər Kollegiyası ilə Maliyyə Monitorinqi Xidməti birgə təlim keçirib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində iyunun 16-da “Müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul, xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorlarının qiymətləndirilməsi metodları” və “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması” mövzularında kollegiyanın üzvləri üçün təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Təlim Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində baş tutub. Əyani qaydada keçirilmiş təlimdə Maliyyə Monitorinqi Mərkəzinin əməkdaşı Ayaz Şahbazi təlimçi qismində iştirak edib. Sonda A.Şahbazi iştirakçıları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı müzakirələr aparılıb.
Sözügedən təlimdə 20-yə yaxın vəkil iştirak edib.