Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkilliyə qəbul üzrə görülən işlər müzakirə olunub
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, iclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamından irəli gələn tövsiyələrin icrasının vəziyyəti barədə çıxış edib. Bildirib ki, hazırda Sərəncama əsasən, regional vəkil qurumları üçün yerlərin ayrılması üzrə aidiyyəti dövlət qurumları ilə işlər aparılmaqdadır və yaxın dövrdə həmin qurumlar vətəndaşlara xidmət göstərilməsi üçün fəaliyyət göstərməyə başlayacaq.
İclasda, həmçinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun doktorantı Fərdin Xəlilovun “Cinayət mühakimə icraatında vəkil araşdırması” monoqrafiyası müzakirə olunub və monoqrafiyanın praktiki əhəmiyyəti nəzərə alınaraq Rəyasət Heyətinin qərarına əsasən, vəsait vəkillərin istifadəsi üçün tövsiyə olunub.
Sonra başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə bir vəkilə töhmət verilib, bir vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub, üç vəkilə irad tutulub.