Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi keçiriləcək
Bakı, 3 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, mayın 18-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Vəkilliyə qəbulla bağlı test imtahanı hər növbədə 170 namizəd olmaqla iki növbəli olaraq saat 10:00-da və 15:00-da baş tutacaq. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 340 namizədin sənədinin qəbul olunduğunu (yerlərin bitməsini) nəzərə almalıdırlar.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş olunur.
Əlavə məlumat üçün +994 12 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.