İDMAN
Velosiped idmanı üzrə mövsümün ilk yarışının qalibləri müəyyənləşib VİDEO
Bakı, 29 fevral, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə, 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən mövsümün açılış yarışında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib.
On beş yaşadək idmançıların 20 kilometrlik qrup ötüşməsində 8 nömrəli İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi birinci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov ikinci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.
U-17, gənclər, U-23 və elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 kilometr məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. İkinci yeri isə 8 nömrəli İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.